Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri enerji qiymətlərinin artmasının vətəndaşlara və sənayeyə təsirlərinin azaldılması üçün məqsədyönlü və müvəqqəti tədbirlərin görülməsinə, sənayenin rəqabət qabiliyyətinin artırılmasına və bürokratik yükün azaldılmasına çağırıblar.
NTV xəbər verir ki, Brüsseldə keçirilən Aİ liderlərinin sammitinin rəqabət qabiliyyəti və növbəti dövrün büdcəsinə dair yekun bəyanatı yayımlanıb.
Bəyanatda mövcud geosiyasi hadisələrin qlobal təchizat zəncirlərinə, enerji təhlükəsizliyinə, enerji və yanacaq qiymətlərinə təsirlərinin müzakirə olunduğu bildirilib. Yüksək enerji qiymətlərinin vətəndaşlara, xüsusilə həssas əhali qruplarına, sənayeyə və iqtisadiyyata mənfi təsirlərinə diqqət çəkilən sənəddə mövcud vəziyyətin Aİ səviyyəsində təcili və əlaqələndirilmiş müdaxiləni zəruri etdiyi vurğulanıb. Bildirilib ki, üzv ölkələrin özünəməxsus şəraitini nəzərə alan, Aİ-nin Vahid Bazarının qorunmasını təmin edən məqsədyönlü və müvəqqəti tədbirlər görülməlidir. Bu çərçivədə Avropa Komissiyasının Metan Qaydaları çərçivəsində bəzi öhdəliklərin təxirə salınmasına dair təklifi məmnunluqla qarşılanıb.
Həmçinin enerji xərclərinin artmasından ən çox təsirlənən sənaye sahələrinə müvəqqəti dövlət yardımının göstərilməsi mexanizminin müddətini uzatmaq niyyəti müsbət qiymətləndirilib. Sənəddə Aİ-də neft emalı zavodlarının istehsal gücünü və səmərəliliyini artırmaq üçün qısamüddətli çərçivənin hazırlanmasının, eləcə də enerji tələbatının könüllülük əsasında birləşdirilməsinə yönəlmiş təşəbbüslərin irəli sürülməsinin vacibliyi qeyd olunub.
Aİ liderləri Avropa Komissiyasından üzv ölkələr arasında elektrik enerjisi qiymətlərindəki fərqləri də nəzərə almaqla, qısamüddətli perspektivdə sürətlə artan enerji qiymətlərinə qarşı əlavə tədbirləri nəzərdən keçirməyi və zərurət yarandıqda yeni təkliflər irəli sürməyi istəyiblər. Enerji qiymətlərində kəskin dalğalanmaların məhdudlaşdırılması məqsədilə Bazar Sabitliyi Ehtiyatına dair qanunvericilik prosesinin sürətləndirilməsinə çağırış edilib. Eyni zamanda, Avropa Komissiyasından İkinci Emissiya Ticarəti Sistemi ilə bağlı qiymətləndirməni, xüsusilə sistemin dizaynı və qoruyucu mexanizmləri baxımından yeniləmək tələb olunub.
Enerji təchizatının sabitləşdirilməsi üçün beynəlxalq səviyyədə əlaqələndirilmiş tədbirlərin əhəmiyyətinə diqqət çəkilən bəyanatda tərəfdaş ölkələr arasında enerji və enerji məhsullarının ticarətinə məhdudiyyətlərin tətbiq edilməməsinin vacibliyi də vurğulanıb. Aİ-nin dəyişkən qalıq yanacaq bazarlarından asılılığının azaldılmasının əhəmiyyəti qeyd olunaraq bərpaolunan və aşağı karbonlu enerji mənbələrinə, elektrik şəbəkələrinə və enerji saxlama sistemlərinə investisiyaların sürətləndirilməsinə çağırış edilib.
Bəyanatda Aİ-nin qlobal iqtisadi çağırışlar qarşısında rəqabət qabiliyyətini artırmasının, Vahid Bazardakı maneələri aradan qaldırmasının və sənayedə yenilənmə prosesini sürətləndirməsinin vacibliyi vurğulanıb. Aİ-nin “Bir Avropa, bir Vahid Bazar” gündəliyinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyiş məmnunluqla qarşılanıb. Bununla belə, müəyyən edilmiş hədəflərə çatmaq üçün əlavə səylərin göstərilməsinin zəruriliyi qeyd olunub. Bu çərçivədə şirkətlər hüququna dair 28-ci rejim, Sənayenin Sürətləndirilməsi Aktı, Avropa elektrik şəbəkələri paketi, eləcə də rəqəmsal, ekoloji və avtomobil sektorlarına aid qanunvericiliyin sadələşdirilməsi paketləri üzrə danışıqlarda irəliləyişə nail olunması istənilib. Aİ liderləri sözügedən qanunvericilik təşəbbüsləri üzrə danışıqların cari ilin sonunadək başa çatdırılmasına çağırıblar.
Avropa Komissiyasından investisiyaların planlaşdırılması və icazələrin verilməsi proseslərini sürətləndirəcək, inzibati və tənzimləyici yükü azaldacaq yeni təşəbbüslər hazırlamaq, həmçinin kiçik və orta sahibkarlıq subyektlərinin hesabatlılıq öhdəliklərini azaltmağa yönəlmiş təklif təqdim etmək tələb olunub. Bəyanatda yeni qaydalar hazırlanarkən lazımsız bürokratik yükün yaradılmasına yol verilməməsinin vacibliyi vurğulanıb. Qlobal makroiqtisadi balanssızlıqlara da diqqət çəkilən sənəddə Avropa Komissiyasından bu problemlərlə mübarizə aparmaq üçün mövcud ticarət və iqtisadi siyasət alətlərindən səmərəli istifadə etməsi, habelə yeni mexanizmlər hazırlaması istənilib.
Bəyanatda Aİ-nin 2028-ci ildən başlayacaq yeni Çoxillik Maliyyə Çərçivəsi üzrə danışıqlar da nəzərdən keçirilib. İrlandiyanın Aİ Şurasına sədrliyi çərçivəsində təqdim edilmiş yenilənmiş danışıqlar layihəsinin müzakirə olunduğu bildirilib. Balanslaşdırılmış razılaşmanın əldə edilməsi üçün zəruri olan əsas məsələlərin nəzərdən keçirildiyi qeyd olunub. Aİ Şurasının sədrindən yeni büdcə ilə bağlı vaxtında razılığın əldə edilməsi məqsədilə danışıqları irəli aparmaq istənilib.Bəyanatda vurğulanıb ki, 2026-cı ilin sonunadək razılaşmanın əldə olunması zəruri hüquqi aktların 2027-ci ildə qəbul edilməsinə imkan yaradacaq.
