İşğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları intensiv şəkildə davam etdirilir. Əməliyyatlara müvafiq qurumlarla yanaşı, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti də cəlb olunub.
NTV xəbər verir ki, oktyabrın 16-da FHN-in İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə media nümayəndələrinin işğaldan azad edilmiş ərazilərdə nazirlik tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatı ilə tanışlıq məqsədilə Ağdam rayonuna növbəti mediaturu olub.
Mediatur zamanı jurnalistlər Ağdamın Mollalar kəndi ərazisində aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə əməliyyatları ilə tanış olublar.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə xüsusi təyinatlı hərbi hissəsinin komandiri Süleyman Hüseynov jurnalistlərə müsahibəsində bildirilib ki, əməliyyatlar müəyyən olunmuş istiqamətlər üzrə kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin ətrafında və su kanalları boyunca aparılır. Hazırda Ağdam rayonu ərazisində işlər intensiv şəkildə davam etdirilir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində minatəmizləmə əməliyyatlarına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən “GCS-200” markalı məsafədən idarəolunan müasir minatəmizləyən robotlarla təchiz olunub. Əməkdaşlar bu sahə üzrə müvafiq kurslarda iştirak edərək, akkreditasiyadan keçiblər. Bundan əlavə, minatəmizləmə əməliyyatlarında xüsusi təlim keçmiş itlərdən də istifadə olunur.
Partlayış texniki gizir Şəmistan Əlizadə bildirib ki, minatəmizləmə prosesi üç üsulla - əllə, kinoloji qruplarla və məsafədən idarə olunan mexaniki mina təmizləmə vasitələri ilə həyata keçirilir. GCS-200 markalı mexaniki minatəmizləmə vasitəsi məsafədən idarə olunur və işin sürəti ilə keyfiyyətini artırmaqla yanaşı, şəxsi heyətin təhlükəsizliyini təmin edən əsas faktorlardan biridir. GCS-200 markalı mexaniki minatəmizləmə vasitəsi iki qoşqudan ibarətdir: Fleyel və Tiller qoşqusu. Hər iki qoşqu piyada və tankəleyhinə minaları zərərsizləşdirmək üçün nəzərdə tutulub. Mexaniki minatəmizləmə vasitəsi yerin relyefindən asılı olaraq saatda 750–1500 kvadratmetrə qədər ərazini təmizləmək gücünə malikdir.
Kinoloji qrupun təlimatçısı Fərid Rüstəmov deyib ki, heç bir texnika itin qoxubilmə qabiliyyətini tam əvəz edə bilməz. Minaaxtaran itlər torpağın altında illərlə qalmış ən kiçik partlayıcı maddənin belə, mikroskopik qoxusunu hiss edirlər. Metaldetektorlar yalnız metal hissəciklərə reaksiya verdiyi halda, itlər birbaşa partlayıcının öz qoxusunu tapır. Bu da həm torpağın təmizlənmə sürətini dəfələrlə artırır, həm də təhlükəsizliyi maksimuma çatdırır.
FHN-in Tibb Xidmətinin həkimi Nizami İsmayılov isə əməliyyatlar aparılan ərazilərdə tibb xidmətinin təşkilindın danışıb: "İlk olaraq istehkamçıları təlimatlandırırıq. Onların sağlıq və psoxolpji durumları yoxlanılır. Yalnız müsbət rəy verildikdən sonra, əməkdaşlar minatəmizləmə ərazisinə daxil olurlar. İstehkamçıların hər biri zəruri tibbi yardımın yerinə yetirilməsi barədə təlimat alır. Xidmətimizə müasir tibbi xidmət avtomobilləri verilib. Avtomobillər hadisə nəticəsində xəsarət alan şəxs ən yaxın tibbi mərkəzinə çatdırılanadək ona zəruri tibbi müdaxilənin olunması üçün bütün avadanlıqlarla təmin edilib".
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə ilə paralel olaraq, bərpa və quruculuq işləri də sürətlə davam etdirilir, vətəndaşlarımızın doğma yurdlarına qayıdışı həyata keçirilir.
FHN bölgəyə səfər edən və orada daimi yaşayan vətəndaşları, eləcə də quruculuq işlərində iştirak edən şəxsləri ehtiyatlı olmağa, minadan təmizlənməmiş ərazilərə girməməyə, yalnız müəyyən edilmiş və mina təhlükəsindən təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələrlə nişanlanmış zolaqlardan kənara çıxmamağa çağırır. Bu qaydaların pozulması insan həyatı üçün ciddi təhlükə yaradır.
Vətəndaşlardan mina və partlamamış hərbi sursat, əraziyə xas olmayan şübhəli əşyalar və ya ərazinin minalı olmasını göstərən hər hansı əlamət aşkar etdikdə, həmin əşyalara toxunmamaları və dərhal FHN-in “112” qaynar telefon xəttinə məlumat vermələri xahiş olunur.
