Hörmüz boğazı İslam Respublikasının və inqilabın ilk müdafiə xəttidir və Tehranın icazəsi olmadan heç bir düşmən qüvvəsi boğazdan keçə bilməyəcək.
NTV “əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ali Rəhbərinin nümayəndəsi Abdullah Hacı Sadıqi bildirib.
Eyni zamanda, İranın ordu komandanı, general-mayor Əmir Hatəmi Hörmüz boğazının və Oman dənizinin SEPAH və ordu tərəfindən tam nəzarətdə saxlanıldığını bildirib. Onun sözlərinə görə, silahlı qüvvələr istənilən döyüşə hazır vəziyyətdədir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran buna İsrailə və ərəb ölkələrindəki ABŞ obyektlərinə hücumlarla cavab verib. Hücumların bir qismi əsas neft və qaz istehsalçısı olan ölkələrdəki obyektləri əhatə edib.
İyunun 18-də Vaşinqton və Tehran arasında anlaşma memorandumu imzalanıb və danışıqlara başlanılıb. Lakin Hörmüz boğazında gəmiçiliyin təşkili ilə bağlı fikir ayrılıqları səbəbindən danışıqlar nəticəsiz qalıb.
Hörmüz boğazı dünya üzrə enerji və əmtəə təchizatı üçün strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir.
