Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Albaniya Milli Turizm Agentliyinin baş direktoru Jola Hysaj və Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia ilə görüşüb.
Dövlət Turizm Agentliyindən NTV-yə bildirilib ki, görüşdə 2027-ci il üçün birgə turizm təşəbbüslərinin həyata keçirilməsi, iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişafı və qarşılıqlı turist axınının artırılması imkanları müzakirə olunub. Tərəflər, həmçinin turizm istiqamətlərinin təşviqi, təcrübə mübadiləsi və turizm sənayesi nümayəndələri arasında əlaqələrin genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.
Qeyd edək ki, 2025-ci il iyunun 21-də Azərbaycan Turizm Bürosu ilə Albaniya Milli Turizm Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd turizm əlaqələrinin gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və hər iki ölkənin turizm imkanlarının beynəlxalq səviyyədə təşviqi üçün əməkdaşlıq çərçivəsi müəyyən edir. Əməkdaşlığın əsas istiqamətləri sırasında dayanıqlı turizmin inkişafı, ilboyu səyahət imkanlarının təşviqi və Azərbaycanın təbii və mədəni irsinin, eləcə də Albaniyanın sahil və tarixi turizm məkanlarının tanıdılması yer alıb.
Müəyyən edilmiş istiqamətlərin daha ətraflı müzakirəsi və birgə təşəbbüslərin inkişaf etdirilməsi məqsədilə növbəti səfərin təşkili planlaşdırılır.
