Avropa İttifaqı (Aİ) 2026-cı ildə Gürcüstanda yeni layihələrin həyata keçirilməsinə 38 milyon avro ayıracaq.
NTV xəbər verir ki, bu barədə Gürcüstanın "InterPressNews" agentliyi Aİ-nin Tbilisidəki nümayəndəliyinə istinadən məlumat yayıb.
Nümayəndəlikdən qeyd edilib ki, ayrılan vəsaitlər əhalinin dəstəklənməsinə, regionların inkişafına və sosial-iqtisadi təşəbbüslərin həyata keçirilməsinə yönəldiləcək.
"2026-cı ildə Avropa İttifaqı bütün Gürcüstan üzrə ailələrin və yerli icmaların həyatında real müsbət dəyişikliklərə kömək etməyə davam etməklə, yeni layihələrin həyata keçirilməsi üçün 38 milyon avro ayıracaq", - məlumatda bildirilib.
Xüsusilə də, maliyyələşmə kiçik şəhər və qəsəbələrdə iqtisadi imkanların yaradılması, peşə bacarıqlarının inkişaf etdirilməsi, kənd rayonlarının dəstəklənməsi və qadınların iqtisadi fəaliyyətdə iştirakının genişləndirilməsi üçün nəzərdə tutulub.
Bundan başqa, vəsaitlər bazarlara çıxışın yaxşılaşdırılmasına, ərzaq məhsullarının keyfiyyətinin yüksəldilməsinə, qadınlara qarşı zorakılıqla mübarizəyə, iqlim dəyişikliyinə uyğunlaşmaya və Abxaziyadakı yerli icmalara dəstəyə yönəldiləcək.
Aİ nümayəndəliyində həmçinin xatırladıblar ki, 1992-ci ildən bəri Avropa İttifaqı Gürcüstanda kənd təsərrüfatının inkişafı, sahibkarlığın dəstəklənməsi və nəqliyyat infrastrukturunun modernləşdirilməsi də daxil olmaqla, müxtəlif layihələrə 2 milyard avrodan çox investisiya yatırıb.
