Almaniya hökuməti 2033-cü ilədək ehtiyatda olan hərbçilərin sayını azı 200 min nəfərə çatdırmağı planlaşdırır. Bu məqsədlə hazırlanan qanun layihəsi Bundestaqda ilk oxunuşdan keçib.
NTV xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, qanun layihəsi ehtiyatda olan hərbçilərin xidmətə cəlb edilməsini sürətləndirməyi, bürokratik prosedurları azaltmağı və Bundesverin döyüş hazırlığını gücləndirməyi nəzərdə tutur.
Sənədin əsas yeniliklərindən biri əvvəlki “ikili könüllülük” prinsipinin ləğvi və zərurət yarandıqda ehtiyatda olan hərbçilərin məcburi xidmətə çağırılması imkanının yaradılmasıdır.
Yeni qaydalara əsasən, əvvəlki hərbi xidmət müddətindən asılı olaraq, məcburi ehtiyat xidməti ildə 3-12 həftə, ümumilikdə isə 6-12 ay təşkil edə bilər. Qanunun 2027-ci ilin əvvəlində qüvvəyə minməsi gözlənilir.
Müdafiə naziri Boris Pistorius bildirib ki, ehtiyat qüvvələrinin gücləndirilməsi Almaniyanın təhlükəsizliyi və NATO ilə Avropa İttifaqı qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi üçün vacibdir. Layihədə işəgötürənlərin də maraqları nəzərə alınır, onlar əvvəlcədən məlumatlandırılacaq və xidmətin təşkili ilə bağlı mövqelərini bildirmək imkanı əldə edəcəklər.
