Çinin Sian şəhərində 67 yaşlı xəstəyə robotların köməyi ilə ürək transplantasiyası əməliyyatı həyata keçirilib. Bu, Çində ilk, dünyada isə üçüncü belə əməliyyatdır.
NTV Çinin “China Daily” qəzetinə istinadla xəbər verir ki, əməliyyat oktyabrın 5-də icra olunub. Həkimlərin sözlərinə görə, minimal invaziv üsul cərrahi travmanı, qanaxma və infeksiya riskini azaltmağa, eləcə də sağalma müddətini qısaltmağa imkan verir. Əməliyyatdan sonra xəstə həmin gün süni tənəffüs aparatından ayrılıb və hazırda müstəqil hərəkət edə bilir.
Əməliyyata rəhbərlik edən cərrah Yan Yanq bildirib ki, bu üsul xüsusilə yaşlı, yanaşı xəstəlikləri olan və ənənəvi ürək transplantasiyası əməliyyatına dözməkdə çətinlik çəkə biləcək xəstələr üçün perspektivlidir.
Qeyd edək ki, robotların köməyi ilə ilk ürək transplantasiyası 2024-cü ildə Səudiyyə Ərəbistanında, ikinci əməliyyat isə 2025-ci ildə ABŞ-də həyata keçirilib. Robotlaşdırılmış ürək transplantasiyası hələ ilkin tədqiqat mərhələsindədir.
