Norveçin “Geopolitika” nəşrində ölkəmizin İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfiri Zaur Əhmədovun Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşündə tamhüquqlu iştirakı qərarının qəbul edilməsi barədə məqaləsi dərc olunub.
NTV xəbər verir ki, diplomat bu addımı Avrasiya əməkdaşlığının yeni bir dövrünün başlanğıcını qoyan tarixi hadisə adlandırır. O bildirir ki, noyabrın 16-da Daşkənddə qəbul edilən qərar regional əməkdaşlığa yeni bir meyar əlavə edir — Azərbaycan və Orta Asiya ölkələri Asiya ilə Avropanı birləşdirən vahid strateji məkan yaradır.
Müəllif vurğulayır ki, Azərbaycan və region dövlətləri uzun müddətdir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrini inkişaf etdirir və hazırda bu tərəfdaşlıq keyfiyyətcə yeni səviyyəyə çatır, türk ölkələrini tarixi, mədəni və dil əlaqələri, eləcə də iqtisadi və siyasi maraqlar əsasında birləşdirir.
Səfirin məqaləsində Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında körpü roluna xüsusi diqqət yetirilir. O, Orta Dəhlizin inkişafı, Bakı Limanının modernləşdirilməsi və nəqliyyat infrastrukturunun genişləndirilməsi sayəsində Azərbaycandan keçən yükdaşımalarının həcminin 90% artdığını və bu marşrutun Avropa üçün getdikcə daha vacib hala gəldiyini qeyd edir.
Z.Əhmədov, həmçinin Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanla enerji, nəqliyyat və rəqəmsallaşdırma sahəsində əməkdaşlığın, habelə logistika və gömrük rəsmiləşdirilməsi üçün vahid standartların hazırlanmasının vacibliyini vurğulayır. O hesab edir ki, bu, ticarəti sürətləndirəcək və Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini artıracaq.
Diplomat məqalənin sonunda qeyd edir ki, yeni “Mərkəzi Asiya – Azərbaycan” platforması regionun sabitlik, qarşılıqlı hörmət və müstəqillik istəyinin rəmzinə çevrilir və Daşkənddə qəbul edilən qərar sürətlə dəyişən qlobal geosiyasət kontekstində vaxtında, strateji cəhətdən əsaslandırılmış bir addım olub.
