Fransada həkimlərin tətili fonunda hökumətin xəstəlik məzuniyyətlərinin daha sərt şəkildə tənzimlənməsi planından geri çəkilməsi tibb ictimaiyyətində ehtiyatla qarşılanır. On gündür davam edən səfərbərlikdən sonra səhiyyə naziri Stefani Rist “France Inter” radiosunda çıxış edərək, liberal həkimlərin tələbləri ilə bağlı müəyyən güzəştlərin edildiyini bildirib.
NTV xəbər verir ki, Azad Tibb Uğrunda Fransa İttifaqının prezidenti Jerom Marti isə “franceinfo”ya açıqlamasında hökumətin mövqeyini təmkinlə dəyərləndirib: “Bu gün hər şey çox kövrəkdir. Bir sıra maddələr üzrə deyilən sözlər düzgün istiqamətə gedir, amma sözlə əməl arasında hələ böyük fərq var. Yanvarın 5-dən başlayan liberal həkimlərin tətilinə cavab olaraq nazirliyin verdiyi vədlər hələ real təminat demək deyil”.
Səhiyyə naziri Stefani Rist liberal həkimlərin həmkarlar ittifaqları ilə görüşərək, onların əsas tələblərinə aid olan tədbirləri müzakirə edib.
Qeyd edək ki, hökumət səhiyyə qurumlarına və Xəstəlik Sığortasına müəyyən tibbi xidmətlərin tariflərini birbaşa müəyyən etmək səlahiyyəti verən mexanizmdən də geri çəkilir. Jerom Marti isə hazırkı hökumətin siyasi baxımdan zəif mövqedə olduğunu xatırladaraq xəbərdarlıq edib ki, əgər bu qanunlar qəbul olunsa, güclü etiraz dalğası yenidən başlaya bilər.
O vurğulayıb ki, həkimlər bəyanatlarla kifayətlənmək istəmirlər. “Biz konkret öhdəliklər tələb edirik. Bu gün bir məktub və mətbuat açıqlaması alacağıq, bundan sonra hərəkatın davamı ilə bağlı mövqeyimizi açıqlayacağıq”, - deyə o vurğulayıb.
