Avropa İttifaqının (Aİ) polis xidməti "Europol" sintetik narkotiklərin istehsalına qarşı tarixdə ən böyük əməliyyatı həyata keçirib.
NTV xəbər verir ki, bu barədə "Europol"un mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumatda sənaye miqyasında 24 narkotik laboratoriyanın bağlandığı qeyd olunub. Əməliyyat Polşa, Belçika, Almaniya və Niderlandda həyata keçirilib. Narkotik laboratoriyalar şəbəkəsi müxtəlif ölkələrdəki laboratoriyalarda sintetik narkotiklərin istehsalı üçün istifadə olunan prekursorların böyük miqdarda idxalı ilə məşğul olub.
"Şəbəkə 1 000 tondan çox prekursor idxal edə bilirdi - bu, amfetamin, MDMA və katinon kimi 300 tondan çox sintetik narkotikin istehsalı üçün kifayətdir", - məlumatda bildirilib.
Qeyd olunub ki, prekursorların idxalı Polşadakı yeddi leqal şirkət vasitəsilə həyata keçirilib. Bu şirkətlər, həmçinin narkotiklərin Aİ ölkələrindəki cinayətkar qruplar vasitəsilə yayılmasına kömək ediblər.
Əməliyyat 2024-cü ildə Polşa polisinin təqdim etdiyi məlumatlar əsasında başlayıb. Əməliyyat tədbirləri zamanı 85 nəfər saxlanılıb. Araşdırmada Belçika, Çexiya, Almaniya, Niderland, Polşa və İspaniyanın hüquq-mühafizə və məhkəmə orqanları iştirak ediblər.
