Tədqiqatçılar bildirirlər ki, İndoneziyanın Muna adasındakı bir mağaranın içərisində aşkarlanan insan əlinin çəkilmiş konturu dünyanın ən qədim qaya sənəti nümunəsidir. Onlar qeyd edirlər ki, bu rəsm azı 67.800 il əvvəl yaradılıb.
NTV “Reuters” agentliyinə istinadla xəbər verir ki, qırmızı rəngli trafaret təsviri zamanla solğunlaşıb və mağara divarında çətinliklə görünür, lakin buna baxmayaraq, Afrikada yarandıqdan sonra dünyaya yayılan insanın yaradıcılığının erkən nailiyyətini təcəssüm etdirir. Tədqiqatçılar bildiriblər ki, bu qaya sənətinə görə məsul olan insanlar materik Asiyadan İndoneziya adalarına gələn və daha sonra Avstraliyaya gedən əhalinin bir hissəsi olublar.
Əl trafareti Borneonun şərqindəki böyük Sulavesi adasının cənub-şərq yarımadasında yerləşən Muna adasında Liang Metanduno adlı əhəng daşı mağarasında aşkar edilib. Tədqiqatçılar piqmentin üzərində tədricən əmələ gələn mineral təbəqələrində az miqdarda uran elementini təhlil edərək, təsvirin minimum yaşını müəyyən ediblər. Onlar bildiriblər ki, təsvir və aşkar edilən digər oxşar qayaüstü rəsmlər qaya divarına qoyulmuş əlin üzərinə piqment üfürməklə hazırlanıb.
“Burada təsvir edilən ən qədim əl trafareti fərqlidir, çünki o, yalnız Sulavesidə tapılan bir üsluba aiddir. Barmaqların ucları diqqətlə yeni formaya salınıb ki, onlar sivri görünsün”, - deyə Avstraliyadakı Qriffit Universitetinin arxeologiya elmləri üzrə mütəxəssisi və çərşənbə günü “Nature” jurnalında dərc olunmuş tədqiqata rəhbərlik edən Maksim Ober bildirib.
Əl trafareti Sulavesinin cənub-qərbindəki Leanq Karampuanq ərazisindəki üç insanabənzər fiquru təsvir edən mağara rəsmindən daha qədimdir. O, həmçinin İspaniyanın Maltravieso şəhərindəki təxminən 64.000 il əvvələ aid edilən və Neandertallara məxsus əl trafareti şəklindəki qayaüstü rəsmindən daha qədimdir.
Yeni təsvir edilən şəkil çətinliklə seçilsə də, tədqiqatçılar ərazinin başqa yerlərində daha yaxşı formada olan demək olar ki, eyni şəkillər tapıblar. Sulavesidəki əvvəlki tədqiqatlarda, həmçinin azı 48.000 il əvvələ aid heyvan xüsusiyyətlərinə malik insan fiqurlarının rəsmləri sənədləşdirilib.
