Amerika Birləşmiş Ştatları (ABŞ) Gürcüstanı turist vizaları da daxil olmaqla, müəyyən növ vizalar üçün 15 000 dollar depozit tələb olunacaq ölkələr siyahısına əlavə edib.
NTV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumatda deyilir ki, Gürcüstan müəyyən növ ABŞ vizalarını almaq üçün 15 000 dollara qədər viza depoziti ödəməli olacaq ölkələrin siyahısına əlavə edilib.
Xüsusilə, martın 18-də ABŞ Dövlət Departamenti Gürcüstanı və digər 11 ölkəni (Kamboca, Efiopiya, Qrenada, Lesoto, Mavriki, Monqolustan, Mozambik, Nikaraqua, Papua Yeni Qvineya, Seyşel adaları və Tunis) vətəndaşlarından müəyyən qısamüddətli vizalar üçün viza depoziti ödəməli olacaq ölkələrin siyahısına əlavə etdi.
Bu vizalar B1 (iş) və B2 (turizm/tibbi) vizalarına şamil edilir. Depozit məbləği 5 000, 10 000 və ya 15 000 dollar ola bilər. Məbləğ konsulluq müsahibəsi zamanı müəyyən ediləcək. Depoziti ödəmək vizanın əldə edilməsinə zəmanət vermir.
ABŞ Dövlət Departamentinin məlumatına görə, viza depoziti proqramının məqsədi ABŞ-də icazəli qalma müddətini aşan və ya ölkədə qanunsuz qalan vizaalanların sayını azaltmaqdır.
Gürcüstan və digər 11 ölkənin əlavə olunması ilə viza depozit proqramı ilə əhatə olunan “yüksək riskli” ölkələrin sayı 50-yə çatıb.
Qərar aprelin 2-də qüvvəyə minəcək.
