Pakistanda 2026-cı ilin altıncı poliomielit hadisəsi qeydə alınıb. Yoluxma şimal-qərbdəki Xayber Paxtunxva əyalətinin Xayber rayonunda 7 yaşlı oğlan uşağında aşkarlanıb.
NTV “Associated Press of Pakistan” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Pakistanın Poliomielit Əleyhinə Milli Təcili Əməliyyatlar Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu il ölkədə qeydə alınan altı poliomielit hadisəsinin beşi Xayber Paxtunxvanın payına düşür.
Vurğulanıb ki, Pakistanın digər bölgələrində poliovirusun yayılması 2025-ci ildən azalsa da, Xayber Paxtunxvada yoluxma halları davam edir. Ölkədə bu il 45 milyondan çox uşağın poliomielitə qarşı dəfələrlə peyvənd edildiyi bildirilib.
Poliomielit Əleyhinə Milli Təcili Əməliyyatlar Mərkəzi yüksəkriskli ərazilərdə əlavə peyvənd kampaniyalarının keçiriləcəyini açıqlayıb.
