satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də Saturn planetinin peyki üçün “Dragonfly” dronunun hazırlanmasına başlanılıb

ABŞ-də Saturn planetinin peyki üçün “Dragonfly” dronunun hazırlanmasına başlanılıb

ABŞ-nin Con Hopkins Universitetinin Tətbiqi Fizika Laboratoriyası NASA-nın “New Frontiers” proqramı çərçivəsində “Dragonfly” (“Cırcırama”) adlı nüvə enerjili uçan aparatın hazırlanmasına başlayıb.

 

NTV xəbər verir ki, bu aparat 2028-ci ildə Saturnun ən böyük peyki olan Titana göndəriləcək.

 

“Dragonfly” hazır olduqdan sonra avtomobil ölçüsündə uçan elmi robot olacaq. O, indiyədək istifadə olunan Mars aparatlarından daha uzun məsafə qət edə biləcək. Titana çatdıqdan sonra atmosferi öyrənəcək, müxtəlif ölçmələr aparacaq və kimyəvi nümunələri analiz edəcək.

 

Alimləri ən çox maraqlandıran sual Titanda həyatın olub-olmamasıdır. Buna görə də kimyəvi tədqiqatlar xüsusi əhəmiyyət daşıyır. Hesab edilir ki, Titanda həyatın yaranması məqsədilə lazım olan üzvi maddələrin formalaşması üçün uyğun şərait var. NASA bildirir ki, missiyanın əsas məqsədi su və ya karbohidrogen əsaslı həyatın kimyəvi izlərini axtarmaqdır.

 

Titan uzun müddətdir alimlərin diqqət mərkəzindədir. Lakin onun qalın və dumanlı atmosferi müşahidələri çətinləşdirib. 2004-cü ildə ora “Kassini” kosmik aparatı göndərilib, bir il sonra isə “Huygens” zondu Titanın səthinə enib. Ancaq bu zond bir gündən az işləyə bilib.

 

“SpaceX” şirkəti tərəfindən “Falcon Heavy” raketi ilə həyata keçiriləcək buraxılış 2028-ci ilə planlaşdırılıb, Titana çatma isə 2034-cü ilə nəzərdə tutulur. Aparat çaylar, göllər və qum təpələri üzərindən uçuşlar həyata keçirəcək.

 

Titanın sıx atmosferi ikiqat rol oynayır, belə ki, bir tərəfdən, o, vintlərin işini asanlaşdırır və aparatın havada daha rahat qalmasına imkan verir, digər tərəfdən isə günəş enerjisindən istifadəni demək olar ki, mümkünsüz edir. Buna görə də “Dragonfly” nüvə enerjisi ilə, daha dəqiq desək, çoxməqsədli radioizotop termoelektrik generatoru (MMRTG) hesabına çalışacaq.

 

Bu qurğuda plutonium tərkibli çubuqlardan istifadə olunur, onlar qapalı dövrənin kontaktlarından birini qızdırır və elektrik cərəyanı yaradır. Eyni texnologiya müasir Mars uçuş aparatlarında da tətbiq olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM