Aqrar sektora dövlət dəstəyi sahəsində Naxçıvana fərqli yanaşma mövcuddur və muxtar respublikada bu sektorun inkişafı məqsədilə işğaldan azad olunmuş bölgələrlə birgə fərqli əmsallarla dövlət dəstəyi təmin olunur. İntensiv meyvə bağları, eləcə də bitkiçilik və heyvandarlıq istiqamətində fərqləndirilmiş əmsallar tətbiq edilir. Misal üçün, intensiv üzüm bağlarının hər hektarına Naxçıvanda 12 min 500 manat subsidiya nəzərdə tutulur, hansı ki, ölkənin digər rayonlarında bu məbləğ 8000 manat həcmindədir.
NTV xəbər verir ki, bunu AZƏRTAC-a və AZTV-yə eksklüziv müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib.
“Superintensiv fındıq bağları yalnız Naxçıvanda subsidiyalaşdırılır və dövlət dəstəyi nəticəsində hər hektara 4400 manat, superintensiv armud bağlarına 25 min 200 manat, intensiv alma bağlarına isə 21 min manat subsidiya nəzərdə tutulub”, - deyə C.Cəlilov qeyd edib.
Muxtar respublikada aqrar sektorun inkişafının Prezident İlham Əliyevin müəyyən etdiyi tapşırıqlar üzrə aparıldığını vurğulayan səlahiyyətli nümayəndə bildirib ki, bura intensiv meyvə bağlarının, intensiv əkinçiliyin, istixanaların sahəsinin, eləcə də heyvandarlıq istiqamətində cins tərkibli heyvanların sayının artırılması, soyuducu anbarların həcminin genişləndirilməsi və bu sahədə dövlət dəstəyinin əhatəsinin artırılması daxildir. Bitkiçilik üzrə isə məhsuldarlığın yüksəldilməsi planlaşdırılır: “Əlavə olaraq, arıçılığın subsidiyalaşdırılması ilə bağlı yerlərdə tələblər kifayət qədər idi və Aqrar Subsidiya Şurası bu müraciətləri nəzərə alıb müvafiq qərar verdi. İşğaldan azad olunmuş bölgələrdə və muxtar respublikada arı ailələrinin sayına uyğun subsidiyalaşdırılma həyata keçiriləcək”.
O qeyd edib ki, muxtar respublikada heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı işlərə də başlanılıb.
“Nəzərdə tutulur ki, muxtar respublikanın bütün ərazisinin heyvan xəstəliklərindən azad zonaya çevrilməsi üçün müvafiq prosedurlar keçirilsin - bütün iribuynuzlu və xırdabuynuzlu heyvanların identifikasiyası, vaksinasiyası və müvafiq beynəlxalq təşkilatın rəyləri əsasında bu zona statusu əldə edilsin. Bununla bağlı qarşıya qoyduğumuz hədəf 2028-ci ilə qədər muxtar respublikanın heyvan xəstəliklərindən azad zonaya çevrilməsinə nail olmaqdır. Bu imkan verəcək ki, muxtar respublikanın ət və süd məhsullarını dünya bazarlarına maneəsiz çıxara bilək”, - deyə C.Cəlilov vurğulayıb.
