Türkiyənin Antalya şəhərində keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresinin (IAC 2026) rəsmi açılış mərasimi olub.
NTV xəbər verir ki, mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi bu böyük tədbirin ölkələr və bəşəriyyətin ortaq gələcəyi üçün xeyirli olmasını arzulayıb. O, Türkiyənin kosmik yarışda geri qalmasına imkan vermədiklərini və qarşıya çıxan çətinliklərə baxmayaraq qısa müddətdə mühüm irəliləyiş əldə etdiklərini bildirib.
Prezident “Türksat 6A” peykinin Türkiyənin mühəndislik imkanlarını, sənaye infrastrukturunu, insan resurslarını və kosmik texnologiyalar sahəsindəki imkanlarını təsdiqlədiyini deyib. Ay Tədqiqat Proqramı çərçivəsində hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işlərinin tamamlandığını bildirən Rəcəb Tayyib Ərdoğan təxminən 3,5 ton ağırlığındakı cihazın 80 faizdən çox yerli istehsal payına malik olduğunu vurğulayıb.
O, “Somali” layihəsi ilə Türkiyənin kosmosa çıxış imkanlarının inkişafı ilə yanaşı, Afrikanın kosmik ekosisteminə də töhfə verməyi hədəflədiklərini qeyd edib. Rəcəb Tayyib Ərdoğan Türkiyəni qlobal kosmik ekosistemin güclü və nüfuzlu aktorlarından birinə çevirənədək hədəfdən yayınmayacaqlarını bildirib.
Kosmik yarışın bir neçə ölkə arasında mübarizə ilə məhdudlaşmamalı olduğunu deyən Prezident kosmosun silahlandırılmasını və silahlanma yarışının vasitəsinə çevrilməsini səhv addım kimi qiymətləndirib.
Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən “TEXNOFEST-2026” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalını xatırladaraq, ölkənin 81 vilayətindən və dünyanın 97 ölkəsindən 730 mindən çox komandanın bura müraciət etməsinin gələcəyə dair ümidləri daha da artırdığını vurğulayıb.
