Rumıniya, Xorvatiya və Macarıstan Avropa İttifaqında əhali üçün ən aşağı təbii qaz tariflərinin tətbiq olunduğu ölkələrdir.
NTV Rumıniyanın “Digi24” nəşrinə istinadən xəbər verir ki 2025-ci ilin ikinci yarısında Aİ üzrə məişət istehlakçıları üçün qazın orta qiyməti 100 kVt/saat üçün 12,28 avroya yüksəlib. Bununla belə, Macarıstanda bu göstərici 3,40 avro, Xorvatiyada 5,43 avro, Rumıniyada isə 5,66 avro təşkil edib.
“Avrostat”ın hesabatında qeyd olunur ki, Avropa ölkələri arasında qiymət fərqləri kifayət qədər böyükdür. Ən yüksək qaz tarifləri İsveç, Niderland və İtaliyada qeydə alınıb. Ekspertlərin fikrincə, Rumıniyada aşağı qiymətlərin qorunub saxlanılması ölkənin daxili hasilat imkanları və enerji bazarına dövlət müdaxiləsi ilə bağlıdır.
Nəşr vurğulayır ki, Rumıniya son illərdə Qara dənizdəki qaz yataqlarının işlənməsi və regional enerji layihələrində iştirak hesabına Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi baxımından mühüm oyunçulardan birinə çevrilmək istəyir. Ekspertlərin fikrincə, bu amil gələcəkdə həm daxili bazarda qiymət sabitliyinin qorunmasına, həm də region ölkələrinə ixrac potensialının genişlənməsinə təsir göstərə bilər.
