satellite   Azerspace-1: 11135 H 30000

Fransada X sosial şəbəkə hesabı ilə bağlı məhkəmə istintaqı başlayıb

Fransada X sosial şəbəkə hesabı ilə bağlı məhkəmə istintaqı başlayıb

Fransada amerikalı milyarder İlon Mask və X sosial şəbəkəsinə qarşı mümkün qanun pozuntuları ilə bağlı məhkəmə istintaqı başlayıb.

NTV xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Bildirilib ki, yeni hüquqi mərhələyə Paris Prokurorluğunun 1 ildən artıq müddətdə apardığı ilkin araşdırmadan sonra start verilib. Araşdırma Fransanın milli kibertəhlükəsizlik üzrə ixtisaslaşmış jandarm bölməsinə həvalə edilib.

Paris Prokurorluğunun açıqlamasına əsasən, araşdırma xüsusilə uşaq pornoqrafiyası xarakterli görüntülərin yayılması və saxlanılmasına yardım göstərilməsi, şəxsi məlumatların qanunsuz toplanması, elektron yazışmaların məxfiliyinin pozulması, eləcə də aidiyyəti şəxslərin razılığı olmadan alqoritmik emal vasitəsilə yaradılmış məzmunların yayılması şübhələrini əhatə edir.

İstintaq, həmçinin X platforması ilə əlaqəli şirkət tərəfindən hazırlanmış “Grok” adlı süni intellekt sistemi ilə bağlı faktları araşdırır.

İş üzrə yalnız İlon Mask deyil, hadisələrin baş verdiyi dövrdə platformanın rəhbəri olmuş X şirkətinin keçmiş baş direktoru Linda Yaccarino da araşdırmaya cəlb olunub.

“Le Monde” qəzetinin məlumatına görə, İlon Mask ötən il Fransa ədliyyəsinin sərbəst ifadə vermək üçün göndərdiyi çağırışa cavab verməyib. Şirkətin bir neçə rəhbər şəxsi də müstəntiqlər tərəfindən dindirilmək üçün çağırılıb.

X sosial şəbəkəsi isə daha əvvəl bu proseduru ifadə azadlığına zidd hesab etdiyini açıqlayıb və Fransa məhkəmələri platformanın alqoritmlərinə çıxış əldə etməyə çalışmaqda ittiham olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM