Almaniyada kerosin qiymətlərinin kəskin bahalaşması fonunda yay mövsümündə aviareyslərin kütləvi şəkildə ləğv edilə biləcəyi açıqlanıb.
NTV “Bild” nəşrinə istinadla xəbər verir ki, Almaniya Hava Limanları Birliyinin (ADV) baş direktoru Ralf Bayzel ən pis ssenariyə əsasən, bəzi hava limanlarında sərnişin daşımalarının həcminin 10 faizədək azala biləcəyini qeyd edib. Bu vəziyyətin Almaniya üzrə təxminən 20 milyon sərnişinə təsir göstərə biləcəyi vurğulanıb.
R.Bayzel xüsusilə aşağıbüdcəli aviaşirkətlərin və turizm baxımından daha az əhəmiyyət daşıyan istiqamətlərin risk altında olduğunu vurğulayıb. O bildirib ki, bir sıra marşrutlar üzrə uçuşların tamamilə dayandırılması, digərlərində isə reyslərin sayının azaldılması ehtimalı var. Bu isə aviabiletlərin qiymətlərinin daha da artmasına səbəb ola bilər.
ADV rəhbərinin sözlərinə görə, kerosinin qiyməti son iki ay ərzində müharibədən əvvəlki dövrlə müqayisədə iki dəfə yüksəlib və yaxın aylarda vəziyyətin normallaşacağı gözlənilmir. Yanacaq mövcud olsa belə, real qiymətlərlə bir çox uçuşların iqtisadi cəhətdən sərfəli həyata keçirilməsi mümkün deyil.
Birlik Almaniya hökumətini hava nəqliyyatı vergisini qısamüddətli dövrdə dayandırmağa, orta müddətdə isə ən azı iki dəfə azaltmağa çağırıb.
