Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Çerniqov-Kiyev bölgəsindəki hücum planları ilə bağlı mövcud məlumatları ətraflı təhlil edib. Mümkün fəaliyyət variantlarının hər biri üzrə cavab tədbirləri hazırlanır.
NTV xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb. Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə Rusiyanın müharibəni genişləndirmək üçün istifadə edə biləcəyi Belarusla bağlı əlavə diplomatik təsir tədbirlərinin hazırlanmasını tapşırıb.
“Ukrayna kəşfiyyat xidmətləri üçün də ictimaiyyətə açıqlanmayan tapşırıqlar müəyyənləşdirilib”, – deyə dövlət başçısı əlavə edib.
Rusiya ilə bağlı planlardan danışan Ukrayna Prezidenti bildirib: “Artıq effektivliyini göstərmiş uzaqmənzilli zərbə imkanlarımızın tətbiq coğrafiyasını genişləndirməyə hazırlaşırıq. Rusiyada əlavə 100 min nəfərin səfərbər edilməsini nəzərdə tutan yeni qərarların hazırlandığı barədə məlumatı da nəzərə almışıq. Hesab edirik ki, hazırda Rusiyanın gizli səfərbərlik üçün belə potensialı yoxdur. Buna görə də fərqli formatda siyasi qərarların qəbul olunacağını gözləmək olar. Son vaxtlar Moldovanın Dnestryanı bölgəsi ilə bağlı atılan addımlar buna nümunədir. Ukrayna özünü mütləq müdafiə edəcək. Hazırda əsas vəzifəmiz dövlətimizi o dərəcədə gücləndirməkdir ki, Rusiyanın Ukraynanın şimalından başlayaraq müharibəni genişləndirməyə yönəlmiş beş ssenarisindən heç biri baş tutmasın”.
