Yaponiya terrorizmlə mübarizə tədbirləri çərçivəsində pilotsuz uçuş aparatlarının istifadəsinə dair qaydaları sərtləşdirən qanun qəbul edib.
NTV Yaponiyanın “Kyodo” informasiya agentliyinə istinadla xəbər verir ki, yeni qanuna əsasən, dronların uçuşu üçün qadağan edilmiş zonaların əhatə dairəsi strateji obyektlərin ətrafında təxminən 300 metrdən 1000 metrədək genişləndiriləcək.
Məhdudiyyətlərin İmperator Sarayı, Baş nazirin iqamətgahı və ABŞ səfirliyi kimi mühüm obyektləri əhatə edəcəyi gözlənilir. Yeni qaydalara görə, qadağan olunmuş ərazidə dron uçuran şəxslər altı ayadək həbs və ya 500 min yenədək cərimə ilə üzləşə bilərlər.
Yaponiya hakimiyyəti bildirir ki, son illərdə dronların sürəti, uçuş məsafəsi və yükdaşıma qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Bu səbəbdən təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac yaranıb.
Hökumət məhdudlaşdırılmış əraziləri xüsusi onlayn xəritələrdə göstərməyi və yeni qaydalar barədə ictimaiyyətin məlumatlandırılmasını nəzərdə tutur.
