satellite   Azerspace-1: 11135 H 30000

Fransa kəşfiyyatı ABŞ-nin “Palantir” şirkəti ilə əməkdaşlığa son qoyur

Fransa kəşfiyyatı ABŞ-nin “Palantir” şirkəti ilə əməkdaşlığa son qoyur

Fransa hökuməti rəqəmsal texnologiyalar və Süni İntellekt sahəsində milli müstəqilliyini gücləndirmək istiqamətində yeni addım atıb. Baş nazir Sebastyən Lökornü bildirib ki, ölkənin daxili kəşfiyyat xidməti (DGSI) ABŞ-nin məlumat analitikası sahəsində fəaliyyət göstərən “Palantir” şirkəti ilə əməkdaşlığı dayandırmaq qərarı verib.

NTV  xəbər verir ki, Prezident Donald Trampa yaxınlığı ilə tanınan “Palantir” şirkətinin həmtəsisçisi Peter Tielin rəhbərlik etdiyi qurumun yerini bundan sonra Fransanın “ChapsVision” şirkəti tutacaq. DGSI məlumatların təhlili və emalı sahəsində xidmətləri məhz bu yerli şirkətə həvalə edib.

Sebastyən Lökornü vurğulayıb ki, Fransa rəqəmsal sahədə yeni strateji asılılıqların yaranmasına yol vermək istəmir. Onun sözlərinə görə, məqsəd ölkənin süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əsil muxtariyyət əldə etməsidir.

Bu qərar ABŞ administrasiyasının ötən həftə süni intellekt şirkəti “Anthropic”ə ən güclü modellərinə xarici vətəndaşların çıxışını məhdudlaşdırmaq göstərişi verməsindən sonra xüsusilə diqqət çəkib. Həmin addım Fransada siyasi dairələrdə ABŞ-dən texnoloji asılılıqla bağlı narahatlıqları daha da artırıb.

Qeyd edək ki, “Palantir” uzun illərdir kəşfiyyat və müdafiə qurumları üçün məlumatların emalı üzrə həllər təqdim edir. Şirkətin “Gotham” və “Foundry” kimi platformaları böyük həcmdə məlumatların analizinə imkan yaradır. Bununla belə, bəzi insan haqları təşkilatları, eləcə də “Amnesty International” “Palantir”i kütləvi nəzarət və fərdi azadlıqların pozulması ilə bağlı tənqid edir.

Fransanın bu qərarı ölkənin strateji texnologiyalar sahəsində milli suverenliyi gücləndirmək və xarici asılılıqları azaltmaq siyasətinin növbəti mərhələsi kimi qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM