Avropa Komissiyası çərşənbə günü Mərkəzi Afrikada Ebola xəstəliyinə yoluxma hallarının artması ilə mübarizə tədbirlərinə 493 milyon avro ayırdığını açıqlayıb.
NTV “Reuters” agentliyinə istinadla xəbər verir ki, maliyyələşmə xəstəliyin yayıldığı ərazilərdə tibbi yardıma, humanitar dəstəyə, filovirusların törətdiyi xəstəliklərə qarşı peyvənd və müalicə metodlarının tədqiqinə, habelə səhiyyə sistemlərinin uzunmüddətli gücləndirilməsinə və fövqəladə hallara hazırlıq işlərinə yönəldiləcək.
“Ebola qlobal həmrəyliyimizin sınağıdır. Bəzilərinin daxili məsələlərə diqqət yetirməyi üstün tutduğu bir dövrdə Avropa İttifaqı problemlə məşğul olur, dəstək verməyə davam edir və etibarlı tərəfdaş olaraq qalır”, - deyə Aİ-nin böhranların idarə edilməsi üzrə komissarı Haca Lahbib bildirib.
Avropa əhalisi arasında xəstəliyin yayılma riskinin çox aşağı səviyyədə qiymətləndirilməsinə baxmayaraq, Avropa Komissiyası tərəfdaşları ilə əməkdaşlıq şəraitində vəziyyətin inkişafını yaxından izləməyə davam edir.
