Yaponiyanın paytaxtı Tokioda yerləşən ibtidai məktəblərdən birində baş verən yanğın nəticəsində səkkiz şagird və iki müəllim xəsarət alıb.
NTV Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, yanğın məktəb binasının dördüncü mərtəbəsində başlayıb. Hadisə yerli vaxtla saat 11:00 radələrində qeydə alınıb və bir neçə saat sonra söndürülüb.
Məlumata görə, yaralananların əksəriyyəti tüstüdən zərər çəkib. Şagirdlər və müəllimlər təxliyə olunub, binada qalan dörd nəfər isə xilasedicilər tərəfindən çıxarılıb.
