Pakistanın Baş naziri Şahbaz Şərif cümə günü ölkəsinin ABŞ ilə İran arasında sülh səylərində rolunu yüksək qiymətləndirib. O əlavə edib ki, İslamabad Memorandumu ölkəyə beynəlxalq səviyyədə tanınma və hörmət qazandıran tarixi diplomatik nailiyyət olub.
NTV Pakistan mediasına istinadla xəbər verir ki, Milli Assambleyada çıxış edən Şərif ölkənin siyasi və hərbi rəhbərliyini müqavilənin uğurla başa çatması münasibətilə təbrik etdi. “Bir çox millət əsrlər boyu belə bir şərəf axtarır, lakin buna nail ola bilmir. Bu gün Pakistanın adı dünyada hörmət və ləyaqətlə xatırlanır”, - deyə o bildirib.
Şərif vasitəçilik səylərində əsas rol oynadığına görə feldmarşal Seyid Asim Muniri tərifləyib: “O, gecə-gündüz sülh üçün çalışıb. Atəşkəs prosesinin çökə biləcəyi anlar da olub, amma Pakistan həll yolu tapmağa sadiq qalıb”.
Baş nazir, xarici işlər naziri İshaq Dar və daxili işlər naziri Möhsin Nəqviyə verdikləri töhfələrə görə təşəkkür edib. O, cümə axşamı İran Prezidenti Məsud Pezeşkian ilə danışdığını, söhbətin səmimi və konstruktiv olduğunu bildirib. Şərifin sözlərinə görə, Pezeşkian çətin anlarda İranı dəstəklədiyinə görə Pakistana və xalqına təşəkkür edib, İslamabadın sülh prosesini asanlaşdırmaq səylərinə görə minnətdarlığını bildirib.
O, əlavə edib ki, İran Prezidentini Pakistana səfərə dəvət edib. Pezeşkian isə Pakistanı İranın Ali Lideri Ayətullah Əli Xameneinin dəfn mərasimlərində iştirak etməyə dəvət edib.
Şərif bildirib ki, müqavilə regiona iqtisadi fayda gətirəcək, o cümlədən enerji qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. “Qlobal neft qiymətləri artıq düşür və Pakistan xalqı bu inkişafdan faydalanacaq", - deyə o, cümə günü daxili neft qiymətlərində əhəmiyyətli dərəcədə azalmanın açıqlanacağını bildirib.
Şərif, həmçinin Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Çin, İran və ABŞ-yə, xüsusən də Prezident Donald Trampa müqaviləyə gətirib çıxaran səyləri dəstəklədikləri üçün təşəkkür edib.
