Türkiyənin su anbarlarında aktiv su səviyyəsi 81 faizə çatıb ki, bu da bütün dövrlərin mütləq rekordudur.
NTV xəbər verir ki, bu barədə kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Kayseri vilayətinə səfəri zamanı bildirib.
Nazir qeyd edib ki, ilin əvvəlindən bəri ölkədə yağıntı miqdarı son 66 ilin ən yüksək göstəricisidir. “2026-cı ildə yağıntı miqdarı orta göstəricini 32,5 faiz, ötən ilin anormal quraq ili ilə müqayisədə isə 75,7 faiz üstələyib. Ölkənin su anbarlarında hazırda 2025-ci ildəkindən 26 milyard kubmetr çox su var. Düşünürəm ki, hər hansı bir vilayətimizdə içməli su ilə bağlı problem olmayacaq”, - deyə o bildirib.
İ.Yumaklı əmin edib ki, hökumət kənd təsərrüfatı istehsalının dayanıqlılığını artırmaq üçün hər cür səy göstərir, bu da birbaşa su ehtiyatı və yağıntıdan asılıdır. “Aqrar sektor Türkiyənin ərzaq təhlükəsizliyinin qarantıdır. Biz risklərə hazır olmalıyıq və bu məqsədlə, 2024-cü ilin sentyabr ayından etibarən su istehlakına və məhsulun bölgənin iqlim strukturuna uyğunluğuna yönəlmiş kənd təsərrüfatı istehsalının planlaşdırılması modelini tətbiq etmişik”, - deyə türkiyəli nazir son 23 ildə Türkiyədə 11 minə qədər su obyekti və suvarma qurğusunun tikildiyini xatırladaraq bildirib.
Nazir Türkiyənin su ehtiyatlarının 2100-cü ilə qədər 25 faiz azalacağı ilə bağlı ekspert proqnozlarına istinad edərək ehtiyatlı olmağa çağırıb.
İ.Yumaklı meşə yanğınları ilə mübarizəyə hazırlığa diqqət çəkərək sözlərini yekunlaşdırıb: “Ölkə üzrə yanğınlarla mübarizə aparmaq üçün ümumilikdə 28 min yanğınsöndürən və 138 min könüllü hazırdır. Hazırda sərəncamımızda 28 yanğınsöndürmə təyyarəsi, 119 helikopter və 14 pilotsuz uçuş aparatı var”.
