İyulun 7-8-də Ankarada keçiriləcək NATO Sammiti Türkiyəyə mühüm siyasi və iqtisadi töhfələr gətirəcək.
NTV xəbər verir ki, Türkiyənin “Dünya” qəzetinin yazdığına görə, sammitin uzunmüddətli makroiqtisadi təsiri ölkə iqtisadiyyatına ildə təxminən 1,7 milyard dollar həcmində əlavə gəlir gətirə bilər.
Tədbirin birbaşa iqtisadi effekti isə iştirakçıların otellərdə yerləşdirilməsi və logistik xidmətlər hesabına 60-62,5 milyon dollar səviyyəsində qiymətləndirilir. Sammitdə alyansın 32 üzv ölkəsindən və tərəfdaş dövlətlərdən ümumilikdə 10 mindən çox nümayəndə və qonağın iştirakı gözlənilir.
Türkiyə əsas iqtisadi faydanı müdafiə sənayesi sahəsində yeni müqavilələrdə görür. Belə ki, NATO ölkələrinin müdafiə xərclərini ümumdaxili məhsulunun 5 faizinə çatdırmaq qərarı türk hərbi-sənaye kompleksi üçün yeni ixrac imkanları yaradır. Analitiklərin hesablamalarına görə, bu proses yaxın üç ildə Türkiyənin müdafiə sənayesinə təxminən 3 milyard dollar əlavə gəlir gətirə bilər.
Ekspertlər, həmçinin sammitin xarici investisiyaların artmasına və Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunun güclənməsinə müsbət təsir göstərəcəyini vurğulayıblar.
