Konqo Demokratik Respublikasında (KDR) son 24 saat ərzində daha 14 ölüm halı da daxil olmaqla Ebola hemorragik qızdırmasından təsdiqlənmiş ölüm hallarının sayı 291-ə çatıb.
NTV xəbər verir ki, bununla bağlı məlumatlar Konqonun Rabitə və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Nazirliyinin gündəlik bülletenində dərc edilib.
Ebola virusuna yoluxanların ümumi sayı əvvəlki günlə müqayisədə 24 hal artaraq 1 118-ə çatıb. Yoluxma hallarının ölüm nisbəti 26 % olaraq qiymətləndirilir.
Hazırda 408 xəstə tibb müəssisələrində və ixtisaslaşmış təcrid mərkəzlərində müalicə alır. 122 nəfər xəstəlikdən tam sağalıb. Təmas izlənməsi nisbəti 77,1 %-dir.
Nazirlik epidemioloji nəzarətin aktiv şəkildə aparıldığını vurğulayıb. Ebola virusuna yoluxmaqda şübhəli bilinən şəxslərlə bağlı 699 xəbərdarlıq alınıb. Bunlardan 99,4 %-i testdən keçirilib və nəticədə 138 şübhəli hal aşkarlanıb.
Hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində başlayıb. Əsas ocaq İturi əyalətində yerləşir. Qonşu Uqandada da Eboladan yoluxma və ölüm halları qeydə alınıb.
