Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Fransa və İtaliya Livanda fəaliyyət göstərən BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatı başa çatdıqdan sonra onları əvəz edəcək çoxtərəfli hərbi koalisiyanın yaradılması üzərində işləyirlər.
NTV xəbər verir ki, Makron bu açıqlamanı Fransanın Aralıq dənizi sahilində yerləşən Antib şəhərində İtaliyanın Baş naziri Ciorcia Meloni ilə keçirdiyi Fransa–İtaliya sammitindən sonra təşkil olunan mətbuat konfransında səsləndirib.
Fransa Prezidenti bildirib ki, mövcud mandat ilin sonunda başa çatacaq və avqust ayından etibarən yeni qərar qəbul edilməzsə, qüvvələrin bölgədən mərhələli şəkildə çıxarılması prosesi avtomatik başlayacaq.
Makronun sözlərinə görə, məqsəd Livan Silahlı Qüvvələrinə dəstək göstərəcək, aydın mandatı olan və mümkün qədər çox ölkənin iştirak edəcəyi səmərəli beynəlxalq koalisiya formalaşdırmaqdır.
Fransa daha əvvəl də Livan hakimiyyəti ilə razılaşdırılmış şəkildə UNIFIL missiyası başa çatdıqdan sonra ölkədə hərbi kontingent saxlamağa hazır olduğunu bildirmişdi.
Emmanuel Makron və Ciorcia Meloninin Antibdə keçirilən ilk Fransa–İtaliya sammiti son illərdə iki ölkə arasında yaranmış fikir ayrılıqlarından sonra ikitərəfli münasibətlərə yeni impuls vermək məqsədi daşıyır.
