2026-cı ilin aprel ayından bəri Avropa İttifaqı (Aİ) ölkələri yeraltı anbarlara artıq 22 milyard kubmetrdən çox qaz vurub.
NTV xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, hazırda Avropanın yeraltı qaz anbarlarının 48,29 faizi doludur. Bu, son beş ilin eyni dövrünün orta göstəricisindən 14,67 faiz azdır.
Avropa hazırda anomal isti hava dalğaları ilə üzləşib. Bu, soyutma və kondisioner sistemləri üçün elektrik enerjisinə tələbatı kəskin şəkildə artırıb. Təbii qaz isə elektrik enerjisi istehsalının əsas mənbələrindən biridir.
Avropa Komissiyasının tələblərinə görə, Aİ ölkələri hər il dekabrın 1-dək anbarlarını 90 faiz qazla doldurmalıdır. Standartlara cavab vermək üçün Avropa anbarlarında qazın həcmi azı 68 milyard kubmetrə çatmalıdır. Ötən mövsüm Aİ ölkələri yalnız 55 milyard kubmetr qaz ehtiyatı yarada bilmişdi.
Qeyd edək ki, Yaxın Şərq münaqişəsi səbəbindən Asiya bazarında təbii qaz uğrunda rəqabət güclənib və yanacaq qiymətləri xeyli bahalaşıb. “Qazprom” Avropanın qaz anbarlarında ehtiyatların növbəti istilik mövsümünədək 70 faizə belə çatmayacağını proqnozlaşdırıb.
