Böyük Britaniya hökuməti İngiltərənin avtomobil yollarında və səkilərində avtonom robot-kuryerlərin istifadəsinin leqallaşdırılmasına imkan verəcək qanunvericiliyə dəyişikliklər edilməsini nəzərdən keçirir.
NTV “The Guardian” qəzetinə istinadla xəbər verir ki, müvafiq dəyişikliklər elektrik skuterləri və digər fərdi hərəkət vasitələri ilə bağlı qanunvericiliyin islahatı paketinə daxil edilə bilər.
Hazırda robot-kuryerlər artıq İngiltərənin bir sıra şəhərlərində istifadə olunur. Lakin onların hüquqi statusu hələ də qeyri-müəyyən olaraq qalır. Belə ki, 1835-ci il tarixli Avtomobil Yolları haqqında Qanun bu cür nəqliyyat vasitələrinin səkilərdə hərəkətini qadağan edir.
Böyük Britaniyanın Nəqliyyat Nazirliyi bildirib ki, qanunvericiliyə dəyişikliklər hazırlanarkən əsas prioritet piyadaların təhlükəsizliyinin təmin olunmasıdır.
Bununla yanaşı, “Living Streets” xeyriyyə təşkilatı təşəbbüsə qarşı çıxaraq xəbərdarlıq edib ki, robot-kuryerlərdən kütləvi istifadə piyadalar, xüsusilə yaşlı insanlar, əlilliyi olan şəxslər və görmə qabiliyyəti zəif olan insanlar üçün əlavə maneələr yaradacaq.
Robot-kuryerləri artıq İngiltərənin bir neçə şəhərində istifadə olunan ABŞ-nin “Starship Technologies” şirkəti isə yeni qaydalar qəbul edildikdən sonra onların sayını 10 mindən çoxa çatdırmağı və Böyük Britaniyada istehsal müəssisəsi açmağı planlaşdırır.
