Dünyanın mərkəzi bankları ilk dəfə olaraq növbəti onillikdə beynəlxalq valyuta ehtiyatlarında dolların payını artırmaq əvəzinə azaltmaq niyyətindədir.
NTV xəbər verir ki, bu barədə OMFIF analitik mərkəzinin “Reuters” agentliyi tərəfindən dərc edilən araşdırmasında deyilir. Araşdırmaya görə, buna səbəb ABŞ valyutası ilə əlaqəli artan siyasi risklər, eləcə də daha çoxqütblü qlobal maliyyə sisteminə keçidlə bağlı gözləntilərdir. Eyni zamanda, mərkəzi banklar qızıl ehtiyatlarını artırmağı planlaşdırır və Britaniya funtu, Norveç kronu və Yeni Zelandiya dolları da daxil olmaqla, bir sıra digər ehtiyat valyutalara maraq göstərirlər.
Tədqiqat təxminən 10 trilyon dollar dəyərində aktivlərə malik 90 mərkəzi bankı, dövlət pensiya fondlarını və suveren fondları əhatə edib. Sorğuda iştirak edən mərkəzi bankların üçdə ikisindən çoxu qarşıdakı illərdə fəaliyyətlərində süni intellekt texnologiyalarının istifadəsini genişləndirmək niyyətində olduqlarını da bildiriblər.
