Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 126 xarici vətəndaşı ölkədən deportasiya ediblər.
NTV-nin məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar Miqrasiya Departamenti tərəfindən nazirliyin müvafiq bölmələri ilə birgə həyata keçirilib.
Məlumata əsasən, deportasiya edilənlər arasında Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Rusiya, Özbəkistan, Vyetnam, Nigeriya, İordaniya, Burundi, Sudan, Çin, Əfqanıstan, Azərbaycan, Misir, Livan, Moldova, Filippin və digər ölkələrin vətəndaşları yer alıb.
Nazirlik qeyd edib ki, bu ilin ilk altı ayı ərzində Gürcüstandan ümumilikdə 2 036 qanunsuz miqrant deportasiya olunub ki, bu da ötən ilin ümumi göstəricisini xeyli üstələyir.
Vurğulanıb ki, iyulun 1-dən "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanuna edilmiş dəyişikliklərin bir hissəsi qüvvəyə minib. Yeni qaydalar müasir miqrasiya çağırışlarına cavab vermək, miqrasiya proseslərinin daha səmərəli idarə olunmasını və dövlət təhlükəsizliyinin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.
