Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda təmaslarını davam etdirmək barədə razılığa gəliblər.
NTV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri yaxın vaxtlarda təmasların davam etdirilməsi ilə bağlı anlaşıblar.
Donald Trampın Ukraynadakı münaqişə ilə bağlı mövqeyinin daim dəyişməsi ilə bağlı xəbərlərə münasibət bildirən Peskov bu cür iddiaların həqiqətə uyğun olmadığını bildirib.
“Prezident Trampın kifayət qədər ardıcıl mövqeyi var və onun hava flügeri kimi baxış bucağını dəyişməsi ilə bağlı fərziyyələr, şübhəsiz ki, doğru deyil”, - deyə Kremlin sözçüsü bildirib. O, ABŞ Prezidentinin Vladimir Putin tərəfindən ona çatdırılan məlumatları dinləməyə açıq olduğunu qeyd edib.
Xatırladaq ki, Rusiya və ABŞ liderləri iyulun 5-də telefon danışığı aparıblar. Prezidentin köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, Vladimir Putin Donald Trampı və Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Bu, Rusiya və ABŞ prezidentləri arasında cari ilin əvvəlindən bəri dördüncü telefon danışığı olub.
