Səksən alimdən ibarət beynəlxalq missiya Qrenlandiyanın sürətlə əriyən buzlaqlarının Atlantik okeanının əsas cərəyan sistemini və bununla birlikdə Avropanın iqlimini poza biləcəyini araşdırmaq üçün bu həftə qütb tədqiqat gəmisi olan “RSS David Attenborough” ilə Qrenlandiyaya yola düşəcək.
NTV “Reuters” agentliyinə istinadla xəbər verir ki, altı həftə davam edəcək missiya Qrenlandiya və Qərbi Avropanın rekord səviyyədə ən isti iyun ayı yaşamasından, enerji təchizatında fasilələrin yaranmasından, məktəblərin bağlanmasından və həddindən artıq ölümlərə səbəb olmasından sonra Britaniyanı tərk edir.
Missiyaya rəhbərlik edən Britaniyanın Antarktika tədqiqatı missiyasının dəniz geofiziki Kelli Hoqan gəmidə verdiyi müsahibədə bildirib: “Son bir neçə ayda Böyük Britaniyada və Avropada baş verən istilik dalğaları iqlimdəki hətta kiçik dəyişikliklərə belə uyğunlaşmağın çətin olduğunu göstərir”.
Ekspedisiya buzlaqların əriməsi və okeanda parçalanmasının təsirini anlamağa çalışan 20 milyon funt sterlinq dəyərində GIANT (Qrenlandiya buz təbəqəsinin Atlantik əyilmə nöqtələri) adlı layihənin bir hissəsidir.
Alimlər əriyən şirin suların Avropanın iqlimini tənzimləməyə kömək edən fırlanan okean cərəyanı sistemini poza biləcəyindən və bunun da daha ekstremal hava şəraitinə, dəniz səviyyəsinin yüksəlməsinə səbəb ola biləcəyindən narahatdırlar.
Gəmi veteran təbiətşünas Devid Ettenborunun adını daşıyır, lakin bir çox britaniyalılar üçün bu təklif 2016-cı ildə gəmiyə ad vermək üçün keçirilən ictimai sorğuda birinci yeri tutduqdan sonra həmişə “Boaty McBoatface” kimi tanınacaq.
Qrenlandiyaya yola düşəcək gəmidə qarla buzlaq qarışığının 1500 metr dərinliyinə dalacaq yüksək texnologiyalı sualtı qayıq var. Onun vasitəsilə isti iqlimin adada buzlaqlara təsiri xəritələşdiriləcək. Bununla yanaşı, missiyanın toplayacağı məlumatlar yeni nəsil iqlim modellərinə və buzlaqların çökməsi üçün erkən xəbərdarlıq sisteminə daxil ediləcək.
