BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
NTV xəbər verir ki, görüş zamanı regional və beynəlxalq məsələlər, o cümlədən Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, dialoqun, sabitliyin və əməkdaşlığın təşviqində ölkəmizin rolu barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları çərçivəsində fəal iştirakı, çoxtərəfli diplomatiyaya, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə verdiyi töhfə vurğulanıb.
Görüşdə Azərbaycanın donor ölkə kimi fəaliyyəti və həyata keçirdiyi humanitar təşəbbüslər də müzakirə olunub.
Tərəflər qlobal iqlim fəaliyyəti və dayanıqlı inkişaf məsələlərinə də toxunublar. Bu xüsusda Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsi, həmçinin bərpaolunan enerji, nəqliyyat və regional bağlantılılıq sahələrində artan rolu qeyd edilib.
Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində son irəliləyişlər, Cənubi Qafqazda etimad quruculuğu istiqamətində görülən işlər barədə məlumat verib.
Nazir, həmçinin işğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını dəstəkləyən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də minatəmizləmə fəaliyyəti barədə qarşı tərəfi məlumatlandırıb.
