Fransanın Bordo şəhəri yaxınlığında senat seçkilərinə namizəd Aminata Puye irqçi hücumun qurbanı olduğunu bildirərək polisə şikayət edib. Hadisənin Talens şəhərində baş verdiyi və namizədin kampaniya toplantısından qayıdarkən dörd şəxsin hücumuna məruz qaldığı bildirilir.
NTV xəbər verir ki, məlumatı yerli “France 3 Nouvelle-Aquitaine” telekanalı yayıb.
Jirond departamentində “La Gauche au Sénat” siyahısına rəhbərlik edən və aralarında “Əyilməz Fransa” (La France insoumise LFI) partiyasının da olduğu siyasi qüvvələr tərəfindən dəstəklənən Aminata Puye baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi təqdim edib.
Namizədin kampaniya komandasının bildirdiyinə görə, dörd kişi avtomobillə onun yanında dayanaraq irqçi təhqirlər səsləndirib və üzünə gözlərdə qıcıqlanmaya səbəb olan naməlum maye atıblar.
Hadisədən sonra şübhəlilər avtomobillə ərazidən uzaqlaşıblar. Aminata Puye isə avtomobilin dövlət qeydiyyat nişanını müəyyən edə bilməyib.
Namizədin seçki qərargahının rəhbəri Enzo Blanşar “France 3 Nouvelle-Aquitaine” telekanalına açıqlamasında onun qaradərili qadın olduğu üçün hücuma məruz qaldığını bildirib.
Aminata Puyenin seçki kampaniyası komandası hadisəni şiddətli irqçi hücum kimi qətiyyətlə pisləyib. Komanda bildirib ki, namizəd irqçiliyə qarşı mübarizəsini davam etdirməkdə və siyasi fəaliyyətini sürdürməkdə əvvəlkindən daha qətiyyətlidir.
