Böyük Britaniyada ardıcıl isti hava dalğaları və quraqlığın fermerlərin məhsuldarlığına ciddi təsir göstərməsi fonunda ölkənin son onilliklərin ən ciddi ərzaq təhlükəsizliyi problemi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edilib.
NTV “The Telegraph”a istinadla xəbər verir ki, “Shore Capital” investisiya bankının analitikləri rekord səviyyədə quru və isti hava şəraitinin ölkə daxilində ərzaq istehsalına zərər vurduğunu bildiriblər.
Məlumata görə, yüksək temperatur buğdanın məhsuldarlığına, tərəvəz bitkilərinə və süd istehsalına mənfi təsir göstərir. Analitiklər hesab edirlər ki, mövcud vəziyyət Böyük Britaniyanın xaricdən gətirilən ərzaq və taxıldan asılılığını artıra bilər.
“Shore Capital”ın analitikləri bildiriblər ki, yerli ərzaq istehsalının azalması daha bahalı idxal taxılına tələbatı artıra bilər. Bu isə heyvan yemi xərclərinin yüksəlməsinə və nəticədə istehlakçılar üçün ərzaq qiymətlərinin bahalaşmasına səbəb ola bilər: “Böyük Britaniya uzun onilliklərdir ərzaq təhlükəsizliyi problemi ilə qarşılaşmağa bu qədər yaxın olmayıb”.
İngiltərədə rekord temperatur və uzunmüddətli quraqlıqdan sonra avqustun 10-da quraqlıq elan edilən ərazilərin əhatə dairəsi daha da genişləndirilib. Hazırda quraqlıq ölkə ərazisinin təxminən 71 faizini əhatə edir. Mövcud vəziyyət fonunda 27 milyondan çox insanın yaşadığı ərazilərdə ənənəvi sulamaya məhdudiyyətlər tətbiq olunub.
