Çinli həkimlər bədbəxt hadisə nəticəsində iki ayağını itirmiş pasiyentə ayaqların cərrahi yolla birləşdirilməsi əməliyyatını həyata keçiriblər. Bu, dünyada ilk dəfə bud səviyyəsində aşağı ətrafların uğurlu replantasiyasıdır. Bu barədə “Yangtze Evening Post” qəzeti məlumat yayıb. Soyadı Tszyan olan 51 yaşlı kişi 2024-cü ilin sonunda zavodda baş verən bədbəxt hadisə nəticəsində hər iki ayağını itirib.
NTV xəbər verir ki, replantasiya əməliyyatı Çinin şərqindəki Tszyansu əyalətinin Suçjou şəhərində yerləşən Ortopediya Xəstəxanasında aparılıb. Əməliyyat təxminən səkkiz saat davam edib.
Əməliyyatdan bir ildən çox vaxt keçdikdən sonra kişi əvvəlcə ayaqlarını qaldıra, daha sonra isə xüsusi dayaq vasitəsinin köməyilə ayaq üstə dura və yeriyə bilib. Reabilitasiya prosesi davam edir.
