Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü qeydə alınıb.
NTV xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) mediasında yayılan və hava mütəxəssislərinin aktual açıqlamalarına əsaslanan xəbərlərdə Atlantik okeanında uzun müddət ərzində heç bir qasırğanın baş vermədiyinə diqqət çəkilib.
Mütəxəssislər iyunun 1-də başlayan qasırğa mövsümündə normal şəraitdə Atlantik okeanında qasırğaların intensiv olmasının gözlənildiyini, lakin bu il indiyədək heç bir qasırğanın baş vermədiyini bildiriblər.
Meteoroloqlar bu vəziyyətin 1966-cı ildən sonra qeydə alınan ən uzun “qasırğasız dövr” olduğunu qeyd edərək, bunun bir çox amillə əlaqəli ola biləcəyini vurğulayıblar.
Mütəxəssislərin fikrincə, əsas səbəblərdən biri Sakit okeanda dəniz səthinin temperaturunun normadan artıq yüksəlməsi nəticəsində yaranan və rekord səviyyələrə çatdığı bildirilən El-Nino hadisəsidir. El-Nino Atlantik okeanında qasırğaların inkişafına mane olan güclü küləklərin yaranmasına səbəb olur.
Bundan əlavə, Afrikanın Sahara səhrasından gələn tozla müşayiət olunan quru hava qasırğaların daha da güclənməsi üçün ehtiyac duyduğu nəmdən məhrum olmasına gətirib çıxarır.
Qasırğa üzrə mütəxəssis Maykl Louri bildirib ki, bu il Atlantik okeanında atmosferin daha sabit vəziyyətə gəlməsi də havanın yüksəlməsini və şaquli hərəkətini çətinləşdirərək, qasırğaların yaranmasına mane olub.
Mütəxəssislər bu il Atlantik okeanında aşağı və yuxarı atmosfer təbəqələri arasındakı temperatur fərqinin 1940-cı ildən bəri ikinci ən aşağı səviyyədə olmasının qasırğaların ilin daha sonrakı aylarına qədər gecikməsinə səbəb ola biləcəyini bildiriblər. Onlar bu gecikmənin mövsümün sonrakı dövründə normaldan daha dağıdıcı qasırğaların yaranmasına gətirib çıxara biləcəyi barədə də xəbərdarlıq ediblər.
ABŞ-də iyunun 1-dən noyabrın 30-dək olan dövr qasırğa mövsümü hesab edilir.
Qeydlərin aparılmağa başlandığı son 175 il ərzində Atlantik okeanında qasırğa mövsümünün qasırğasız keçdiyi illər 1907 və 1914-cü illər olub.
