satellite   Azerspace-1: 11135 H 30000

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Fransada oktyabrın 12-də bir neçə iri pərakəndə satış şəbəkəsinin soyutma sistemlərinə qarşı genişmiqyaslı kiberhücum həyata keçirilib. Hadisə nəticəsində “Intermarché” və “Système U” mağazalarında soyuducu avadanlıqların fəaliyyəti pozulub, külli miqdarda ərzaq məhsulu məhv edilməli olub.

NTV xəbər verir ki, Fransa mediasının məlumatına görə, Paris prokurorluğunun kibercinayətkarlıq bölməsi hadisə ilə bağlı araşdırmaya başlayıb. Hücum görünməmiş və son dərəcə ciddi insident kimi qiymətləndirilir.

“Intermarché” şəbəkəsinin sahibi olan “Les Mousquetaires” qrupunun bildirdiyinə görə, mağazaların soyutma avadanlıqlarını idarə edən “Danfoss” şirkəti bazar günündən bazar ertəsinə keçən gecə kiberhücuma məruz qalıb. Nəticədə bəzi soyuducu və dondurucuların temperaturunun 50 dərəcəyədək yüksəldildiyi ehtimal olunur. Bu isə ərzaq məhsullarının təhlükəsiz saxlanmasına ciddi təhlükə yaradıb.

İlkin məlumata əsasən, təxminən 100 “Intermarché” mağazası zərər çəkib. Soyutma sistemlərində saxlanılan məhsulların bir hissəsi satışdan çıxarılaraq məhv edilib. Zərərin miqyasını müəyyənləşdirmək üçün mağazalarda rəsmi qeydlər də aparılmalıdır.

“Système U” şəbəkəsinin rəhbəri Dominik Şelşer sosial şəbəkə paylaşımında bir neçə mağazanın soyutma sistemlərinin kiberhücumdan təsirləndiyini təsdiqləyib. Onun sözlərinə görə, şəbəkənin 100-dən az mağazasında problem yarandığı ehtimal edilir.

Şirkət əməkdaşlarının soyutma avadanlıqları üzrə mütəxəssislərlə birlikdə sistemlərin fəaliyyətini mümkün qədər tez bərpa etməyə çalışdığını bildirən Şelşer hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün hərtərəfli araşdırmaya çağırıb.

“Les Mousquetaires” qrupu bu hadisənin misli görünməmiş xarakter daşıdığını vurğulayaraq, indiyədək soyutma sistemlərini hədəf alan belə genişmiqyaslı kiberhücumla qarşılaşmadığını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM