Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Son illərdə Sədr Si Cinpin və Prezident İlham Əliyevin strateji planlaşdırması və rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb. Getdikcə dərinləşən qarşılıqlı siyasi etimad, "Bir kəmər, bir yol" əməkdaşlığında davamlı irəliləyiş və beynəlxalq məsələlərdə səmərəli əməkdaşlıq müşahidə olunur.
NTV xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmisi Mao Nin xarici işlər naziri Van İnin Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) zirvə görüşündə iştirak üçün Azərbaycana səfərini şərh edərkən deyib.
Mao Nin deyib ki, bu, xarici işlər naziri Van İnin 7 ildən sonra Azərbaycana ilk rəsmi səfəri olacaq. “O, xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq. İnanırıq ki, səfər iki dövlət başçısının əldə etdiyi vacib ortaq anlaşmaların tam şəkildə həyata keçirilməsinə və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq üçün yeni nəticələr əldə etməyə kömək edəcək”, - deyə XİN rəsmisi bildirib.
Mao Nin qeyd edib ki, AQEM Asiyada təhlükəsizlik dialoqu və əməkdaşlığı üçün vacib bir mexanizmdir. AQEM yarandığı gündən bəri ölkələr arasında qarşılıqlı əlaqəni və etimadın artırılmasına sadiq qalıb və regionda təhlükəsizliyə, sabitliyə və inkişafa mühüm töhfələr verib.
“Beynəlxalq və regional mühitdə artan mürəkkəblik və dəyişkənlik ilə Asiya ölkələri sülh və əmin-amanlığın təmin edilməsinə və iqtisadi artımın təşviqinə getdikcə daha çox maraq göstərirlər. Qarşıdan gələn zirvə görüşündə Çin çoxtərəfliliyi tətbiq etmək, 4 qlobal təşəbbüsü fəal şəkildə həyata keçirmək və Asiya idarəçiliyini gücləndirmək üçün müxtəlif tərəflərlə geniş dialoq və məsləhətləşmələr aparacaq ki, ortaq gələcəyi olan Asiya icmasının qurulmasına yeni töhfələr versin”, - deyə Çin XİN rəsmisi vurğulayıb.
