Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı. Əməkdaşlıq çərçivəsində 2027-ci il üçün yol xəritəsi və fəaliyyət planı hazırlayacağıq.
NTV xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü çərçivəsində TDT Baş katibinin müavini Ömər Kocaman jurnalistlərə müsahibəsində söyləyib.
Bugünkü görüşdə Azərbaycanın da mühüm təklifi olduğunu bildirən Ömər Kocaman deyib: “Qurumlarımızın aidiyyəti əməkdaşlarından ibarət işçi qrupu da yaradacağıq və bu işçi qrupunda təkcə bəyannamədəki məsələlər deyil, bu mühüm sahədə – əqli mülkiyyət və sənaye mülkiyyəti hüquqları sahəsində fərqli əməkdaşlıq imkanları mövcuddursa, onları da əhatə edən dərindən araşdırmalar aparacağıq”.
TDT Baş katibinin müavini qeyd edib ki, hazırda innovasiya, texnologiya və rəqəmsallaşma dövrüdür. Təbii ki, ixtiraların və onların arxasındakı əməyin qorunması lazımdır, bununla əlaqədar üzv dövlətlər arasında da əməkdaşlıq qurulmalıdır. Müxtəlif təcrübələrin və strukturların bir-birini tanıması vacibdir. 2027-ci ildən etibarən fəaliyyət planı, yol xəritəsi və işçi qrupu ilə birlikdə fəaliyyət daha da dərinləşdiriləcək.
Xatırladaq ki, bu gün TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşü keçirilib və sonra İkinci Görüşün Birgə Bəyannaməsi imzalanıb.
