Bask ölkəsinin tanınmış nümayəndələri noyabrın 28-də Biarritsdə keçirilməsi planlaşdırılan “Canon français” kütləvi ziyafətinə etiraz edirlər. Manifesti imzalayanlar tədbirin arxasında ayrı-seçkilik və diskriminasiya meyillərinin dayandığını bildirərək, genişmiqyaslı etiraz aksiyasına çağırıblar.
NTV xəbər verir ki, Fransanın Bask ölkəsindən olan yazıçı Nej Sinno, eləcə də frankizm və nasizm qurbanlarının nəslindən olan şəxslər də daxil olmaqla, yüzə yaxın tanınmış şəxs noyabrın 28-də Pireney-Atlantik departamentinin Biarrits şəhərində keçirilməsi planlaşdırılan “Canon français” ziyafətinə qarşı bəyanat imzalayıb. Bu barədə “ICI Pays Basque” yerli mediası məlumat yayıb.
Manifest müəllifləri həmin gün saat 11:00-da tədbirə qarşı kütləvi, genişmiqyaslı və bayram ab-havalı mitinq keçirməyə çağırıblar. Onlar demokratiyanı müdafiə etməkdə qətiyyətli olduqlarını bildirərək, “Canon français”ə qarşı “insan sipəri” yaratmağı təklif edirlər.
Manifesti imzalayanlar hesab edirlər ki, “Canon français” xoşməramlı və səmimi ünsiyyət təsiri bağışlayan təbliğatın arxasında ayrı-seçkilik və diskriminasiyanı tətbiq və təbliğ edir. Onlar bu yanaşmanı qəbul etməyəcəklərini vurğulayırlar.
“Canon français” Fransanın müxtəlif bölgələrində yerli məhsulları, ənənələri və milli irsi təbliğ etmək məqsədilə kütləvi ziyafətlər təşkil edən şirkətdir. Lakin bu tədbirlər, xüsusilə ultramühafizəkar milyarder Pyer-Eduar Sterinin şirkətin səhmdarına çevrilməsindən sonra getdikcə daha çox mübahisələrə səbəb olur.
May ayında Kaen şəhərində təşkil edilən belə ziyafətlərdən biri iştirakçıların tədbirdən çıxarkən nasist salamı verməsi, irqçi, seksist və homofob təhqirlər səsləndirməsi ilə qalmaqala çevrilmişdi.
Biarritsdə noyabrın 28-nə planlaşdırılan ziyafətə qarşı kampaniya təşkilatçıları demokratiyanın müdafiəsi və ayrı-seçkiliyə etiraz məqsədilə mümkün qədər çox insanı bir araya gətirməyi hədəfləyirlər.
