İran Xarici İşlər Nazirliyi bazar ertəsi bildirib ki, Tehran və Vaşinqton vasitəçilər vasitəsilə mesaj mübadiləsini davam etdirir və ABŞ-nin danışıqlarla bağlı təkliflərini nəzərdən keçirir.
NTV İran mediasına istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik mətbuat konfransında bildirib: “Pakistan və Qətər İran ilə ABŞ arasında vasitəçilik rolunu oynamağa davam edir. Onların vasitəsilə mesaj mübadiləsi aparılır. Biz amerikalıların danışıqlarla bağlı təkliflərini nəzərdən keçiririk. İstənilən danışıqlar üçün İranın ilkin şərtlərinə riayət edilməlidir.
Bəqai Moskvanın 2015-ci il nüvə sazişindəki iştirakına diqqət çəkərək qeyd edib ki, Rusiya da İranın nüvə məsələsi ilə bağlı konstruktiv rol oynamağa davam edir. O, Tehran ilə Moskva arasındakı münasibətlərin qarşılıqlı etimada əsaslandığını və İranın dost ölkələrin dəstəkləyici səylərini müsbət qarşıladığını bildirib, lakin vurğulayıb ki, vasitəçilik missiyasını Pakistan və Qətər yerinə yetirir.
Hörmüz boğazı məsələsinə toxunan Bəqai orada baş verən hadisələrin ABŞ-nin İrana qarşı hücumlarının nəticəsi olduğunu bildirib və Tehranın hərəkətlərinin danışıqlarda üstünlük əldə etmək məqsədi daşıdığına dair iddiaları rədd edib. XİN sözçüsü əlavə edib: “ABŞ-nin mövcud yanaşması ilə boğazda təhlükəsizlik bərpa olunmayacaq”.
Bəqai ABŞ-nin İranın öz təsir imkanlarını itirməsi barədə iddialarını rədd edərək bildirib ki, bu fikirlər reallığı əks etdirmir. “Onlar İranın təsir imkanlarını itirdiyini deyə bilərlər, lakin biz öz işimizi görürük”, - deyən XİN sözçüsü enerji bazarlarının Vaşinqtonun iddialarına reaksiya vermədiyini qeyd edib.
Bəqai, həmçinin Ərəbistan yarımadasında davam edən gərginliklə bağlı Tehranın dərin narahatlığını ifadə edib və İranın Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında dialoqa vasitəçilik etməyə hazır olduğunu bildirib. “Biz iki İslam ölkəsi arasında müharibənin və düşmənçiliyin davam etməsini istəmirik”, - deyə o vurğulayıb.
