Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb.
NTV xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə razılaşaraq Rusiyadan dizel yanacağı alması Birləşmiş Ştatların siyasi elitası tərəfindən birmənalı qarşılanmayıb. Konqresdə təmsil olunan həm respublikaçılar, həm də demokratlar prezidentin bu addımını kəskin tənqid edirlər.
D.Trampla eyni partiyada təmsil olunan konqresmen Braun Ficpatrik bildirib ki, hər iki partiyanın nümayəndələrinin iştirakı ilə yeni qanun layihəsi hazırlanır. “Ronald Reyqan qanunu: Güc vasitəsilə sülh” adlanan bu qanun Rusiyadan istənilən növ yanacağın alınmasını tamamilə qadağan edəcək.
ABŞ Konqresində qanunun qəbul edilməsi proseduru müəyyən vaxt tələb edir. Lakin ABŞ-nin qanunvericilik sisteminə uyğun olaraq, konqresmenin təklif etdiyi qanun layihəsi mütləq müzakirəyə çıxarılacaq. Qanunun qəbul edilməsi, təbii ki, dünya bazarında dizel yanacağının qiymətinə təsir göstərəcək.
Bununla yanaşı, ötən bazar günü Yəmən husiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşən Kral Xalid adına Beynəlxalq Aeroportu iki dəfə raket atəşinə tutublar. Nəticədə 12 nəfər həlak olub. Həlak olanların xarici ölkə vətəndaşları olduğu bildirildiyindən, ABŞ başda olmaqla bir sıra dövlətlər öz vətəndaşlarına müraciət edərək onları Yaxın Şərq ölkələrinə səfər etməkdən çəkinməyə çağırıblar.
Hadisələrin bu istiqamətdə inkişaf etməsi Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin daha da gərginləşdiyini deməyə əsas verir. Bu isə, şübhəsiz ki, Hörmüz boğazının bağlı qalacağı və dünya bazarında yanacağın qiymətinin yüksək səviyyədə olacağı ehtimalını artırır.
D.Trampın qərarı isə hələlik ABŞ-da yanacağın qiymətinə heç bir təsir göstərməyib. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, hazırda ölkədə dizel yanacağının bir qallonu orta hesabla 6,28 dollara satılır. Bu isə bir litr üçün təxminən 1,66 dollar deməkdir.
ABŞ-nin qərarından narazı qalan Ukrayna hakimiyyəti isə Rusiyanın neft emalı zavodlarına dron hücumlarını davam etdirəcəyini bəyan edib.
Analitiklər hesab edirlər ki, noyabr ayında Konqresə keçiriləcək aralıq seçkilərində seçicilərin rəğbətini qazanmaq məqsədilə atılan bu addım ABŞ-də dizel yanacağının qiymətini müvəqqəti olaraq aşağı sala bilər. Lakin prezidentin qərarına qarşı artan etirazların nəticəsiz qalmayacağı ehtimal olunur.
İlk növbədə, Rusiyanın daxili tələbatı və neft infrastrukturunun zərbələrə məruz qalması ölkənin 500 min ton dizel yanacağı ixrac edə biləcəyi ilə bağlı suallar yaradır. Digər tərəfdən, bu məsələdə Avropa ilə ABŞ-nin maraqları toqquşur. Konsensus əldə olunmasa, tərəflər arasında münasibətlər daha da gərginləşə bilər. Bu isə dünya bazarında yanacağın qiymətinin yenidən artmasına səbəb ola bilər.
