satellite   Azerspace-1: 11135 H 30000

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Ümumdünya İşgəncə Əleyhinə Təşkilatının (OMCT) 2026-cı il üzrə dərc etdiyi Qlobal İşgəncə İndeksi Fransada insan hüquqlarının müdafiəsi sahəsində ciddi və sistemli problemlərin mövcudluğunu üzə çıxarıb. Fransa “nəzərəçarpacaq risk” kateqoriyasına daxil edilib və indeksdə qiymətləndirilən Avropa İttifaqı ölkələri arasında bu risk səviyyəsinə aid edilən yeganə dövlət olub. Hesabatda xüsusilə polis zorakılığı, irqi ayrı-seçkilik, cəzasızlıq mühiti və Yeni Kaledoniyada yerli əhaliyə qarşı həyata keçirilən repressiv tədbirlər diqqət mərkəzinə gətirilib.

Bakı Təşəbbüs Qrupundan NTV-yə bildirilib ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 200-dən çox qeyri-hökumət təşkilatını birləşdirən OMCT-nin qiymətləndirməsinə əsasən, Fransada insan hüquqlarının müdafiəsi üçün geniş hüquqi və institusional mexanizmlərin mövcud olmasına baxmayaraq, işgəncələrin qarşısının alınması sahəsində davamlı və struktur xarakterli çatışmazlıqlar qalmaqdadır.

Hesabatda Fransanın müstəmləkə ərazisi olan Kanaki-Yeni Kaledoniyada baş verən hadisələr xüsusi narahatlıq doğuran məsələlər sırasında yer alıb. Belə ki, 2024-cü ildə Yeni Kaledoniyadakı etirazlar zamanı həbs olunan 87 nəfər məhbus kanakın öz ailələrindən və doğma mədəniyyətlərindən tamamilə uzaqlaşdırılaraq, təxminən 17 min kilometr məsafədə yerləşən Fransa metropoliyasına məcburi köçürülməsi hesabata ciddi hüquq pozuntusu kimi daxil edilib.

Qeyd edək ki, 2024-cü ildə Yeni Kaledoniyada baş verən etirazlar Fransa hakimiyyətinin seçki qaydalarını dəyişdirmək təşəbbüsündən sonra genişlənib. Yerli kanakların siyasi təmsilçiliyinə mənfi təsir göstərə biləcəyi deyilən bu təşəbbüs müstəqillik tərəfdarlarının etirazına səbəb olub. Fransa hakimiyyəti isə bölgədə fövqəladə vəziyyət elan etmiş, əlavə təhlükəsizlik qüvvələri yerləşdirmiş və bir sıra məhdudiyyətlər tətbiq etmişdi.

Hesabatda Fransanın öz ərazisində polis zorakılığı ilə bağlı vəziyyət də ciddi tənqid olunub. Bildirilib ki, 2024-cü ildə polis müdaxilələri ilə əlaqədar 54 nəfər, 2026-cı ilin ilk beş ayı ərzində isə ən azı 22 nəfər həyatını itirib. Son dövrlərdə, xüsusilə 2026-cı ilin oktyabr ayında lisey şagirdlərinin nümayişləri zamanı polisin həddindən artıq güc tətbiq etməsi və kütləvi həbslər həyata keçirməsi ölkədəki repressiya mühitinin daha da dərinləşdiyini nümayiş etdirir.

Bununla yanaşı, Fransa həbsxanalarında həddindən artıq sıxlıq, məhbuslara qarşı zorakı və qanunsuz rəftar halları da əsas narahatlıq mənbələri kimi göstərilib. Hesabatda bu problemlərin məhbusların fundamental hüquqlarının qorunması və işgəncələrin qarşısının alınması baxımından ciddi risklər yaratdığı vurğulanıb.

Nəticə olaraq, Ümumdünya İşgəncə Əleyhinə Təşkilatının (OMCT) bu rəsmi hesabatı və toplanmış statistik göstəricilər Fransanın öz daxilində və Dənizaşırı ərazilərində insan hüquqları prinsiplərini sistematik şəkildə pozduğunu, habelə beynəlxalq öhdəliklərinə zidd olaraq qeyri-mütənasib güc və repressiv üsullara əl atdığını qəti şəkildə sübut edir. Ölkədə müstəqillik hərəkatlarına və yerli azlıqların hüquq tələblərinə qarşı tətbiq olunan inzibati və fiziki təzyiqlər, eləcə də beynəlxalq reytinqlərdəki kəskin geriləmə rəsmi Parisin "demokratiya və insan haqlarının beşiyi" iddiasına ziddir. Bu vəziyyət, müstəmləkəçilik fəsadlarının hələ də davam etdiyini nümayiş etdirir və beynəlxalq ictimaiyyətin Fransada güclənən cəzasızlıq mühitinə, irqi ayrı-seçkiliyə və insan haqları böhranına qarşı təcili olaraq qəti və hüquqi addımlar atmasını zəruri edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM