Müasir Türkiyə təkcə müdafiə sənayesi, diplomatiya, ticarət və turizm sahələrində deyil, həm də təhsil sahəsində yüksək inkişaf səviyyəsinə çatıb, dünya miqyasında nüfuz sahibi olan bir ölkədir. Türkiyənin ali təhsil sisteminə maraq durmadan artır. Son 10 ildə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayı 48 mindən 380 minə yüksəlib.
NTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Maarif” Fondunun yaradılmasının 10-cu ildönümünə həsr olunmuş mərasimdə deyib.
Onun sözlərinə görə, hazırda Fondun 66 ölkədə fəaliyyət göstərən yüzlərlə təhsil müəssisəsində 75-dən çox şagird təhsilini davam etdirir. Bu, “qürur mənbəyi” olmaqla yanaşı, “Türkiyənin təhsil modelinin uğurlarının bariz göstəricisidir”.
“Beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından ölkəmiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xarici ölkələrdə Türkiyə universitetlərini bitirmiş həkimlərə, siyasətçilərə, iş adamlarına, dövlət məmurlarına, müəllimlərə, sənət adamlarına və alimlərə rast gəlmək artıq adi hal alıb. Bir çox ölkədə türk dilində danışan, Türkiyəni tanıyan və anlayan, türk mədəniyyətini maraqla öyrənən çoxsaylı insanlarla qarşılaşırıq”, – deyə o bildirib.
Dövlət başçısı Fətullah Gülənin terror təşkilatının (FETÖ) və bu cinayətkar qurumun nəzarətində olan təhsil müəssisələri şəbəkəsinin yaratdığı təhlükəni xatırladıb.
“Fondun, Xarici İşlər Nazirliyinin və Türkiyənin bir sıra digər rəsmi qurumlarının səyləri nəticəsində 50-dən çox ölkədə FETÖ məktəblərinin bağlanmasına nail olmuşuq. Türkiyənin dostları bu qanlı qurumun əsl mahiyyətini dərk ediblər”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
