Çin 2030-cu ilədək ilk astronavtlarını Aya göndərmək planını açıqlayıb. Missiya "iki buraxılış – bir eniş" sxemi üzrə həyata keçiriləcək.
NTV xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Ayın tədqiqi proqramının baş konstruktoru Van Syan bildirib ki, ilkin mərhələdə iki "Çançjen-10" daşıyıcı raketi vasitəsilə "Lanyue" adlı Ay eniş modulu və "Mençjou" pilotlu kosmik gəmisi kosmosa göndəriləcək.
Hər iki aparat Ay orbitində bir-biri ilə görüşərək birləşəcək. Daha sonra astronavtlar eniş moduluna keçərək Ayın səthinə enəcəklər.
Ekipaj üç nəfərdən ibarət olacaq, lakin onlardan yalnız ikisi Ay səthinə enəcək. Onların əsas vəzifəsi elmi tədqiqatlar aparmaqdır. Missiya başa çatdıqdan sonra astronavtlar yenidən pilotlu kosmik gəmiyə qayıdaraq Yerə dönəcəklər.
Missiyaya hazırlıq çərçivəsində Çin əvvəlcə Ay orbitində üç pilotsuz texnologiya sınağı keçirəcək, daha sonra isə pilotlu enişi həyata keçirəcək.
Bütün raket buraxılışlarının Çinin cənubundakı Haynan adasında yerləşən Vençan kosmodromundan həyata keçirilməsi nəzərdə tutulur.
