NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında 10 aprel 2026-cı il tarixində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində təhsil müəssisələrində yaradılacaq yeni laboratoriya və emalatxanalar üçün avadanlıqların muxtar respublikaya gətirilməsinə başlanılıb.
Sazişə əsasən, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanası, Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində isə müasir kimya laboratoriyaları yaradılacaq. Yaxın günlərdə təhsil müəssisələrində avadanlıqların quraşdırma işlərinə start veriləcək. Fənn laborotoriyalarının tədris ilinin sonuna qədər hazır olması planlaşdırılır. Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanasının sentyabr ayında hazır olub istifadəyə verilməsi nəzərdə tutulur.
Beləliklə, əməkdaşlıq sazişinə uyğun olaraq laboratoriya və emalatxanalar yeni tədris ilinə tam hazır vəziyyətdə müəssisələrin istifadəsinə veriləcək.
Saziş çərçivəsində həmçinin bp tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin (riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə) aşkarlanması, onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi də həyata keçirilir.
